.77.
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

  1. And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);


  2. And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);


  3. And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;


  4. And olsun (haqla batili) ayıranlara;


  5. And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-


  6. (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,


  7. Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!


  8. Ulduzlar sönəcəyi;


  9. Göy yarılacağı;


  10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);


  11. Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,


  12. (Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”


  13. (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”


  14. Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!


  15. O gün vay halına (qiyaməti) yalan sayanların!


  16. Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!


  17. Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.


  18. Biz günahkarlarla belə rəftar edirik.


  19. O gün vay halına (qiyaməti) yalan sayanların!


  20. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!


  21. Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,


  22. Müəyyən bir vaxta qədər.


  23. Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!


  24. O gün vay halına (qiyaməti) yalan sayanların!


  25. Məgər Biz yeri məskən etmədikmi


  26. Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).


  27. Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.


  28. O gün vay halına (bu nemətləri) yalan sayanların!


  29. (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!


  30. Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”


  31. O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.


  32. O (hər biri) bir saray boyda qığılcımlar saçar.


  33. O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.


  34. O gün vay halına (qiyaməti) yalan sayanların!


  35. Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.


  36. Onlara üzr istəməyə izin də verilməz.


  37. O gün vay halına (qiyaməti) yalan sayanların!


  38. Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!


  39. (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!


  40. O gün vay halına (qiyaməti) yalan sayanların!


  41. Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,


  42. İstədikləri meyvə içində olacaqlar!


  43. (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!


  44. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”


  45. O gün vay halına (qiyaməti) yalan sayanların!


  46. (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)


  47. O gün vay halına (qiyaməti) yalan sayanların!


  48. Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!


  49. O gün vay halına (qiyaməti) yalan sayanların!


  50. (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
QURAN
www.azerisayt.narod.ru(Nazad)