.76.
əl-İnsan və ya əd-Dəhr surəsi (Məkkədə nazil olmuşdur, 31 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar.
Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.
(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”
(Ya Peyğəmbər!) Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!
Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
(Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!