.62.
əl-Cumuə (Cümə) surəsi (Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).