.34.
Səba surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
  1. Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!


  2. Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!


  3. (Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”


  4. (Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!


  5. Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.


  6. (Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.


  7. Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: “Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?


  8. Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).


  9. Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? (Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!


  10. Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şəninə təriflə deyin!” – deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).


  11. (Biz Davuda belə buyurduq: ) “Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”


  12. Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.


  13. Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!


  14. Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.


  15. Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu: ) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”


  16. Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik.


  17. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?


  18. Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlər (Şam və Urdun) arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq (belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) “Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!”


  19. Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” – dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!


  20. İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu.


  21. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Möminlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər).


  22. (Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!


  23. Onun hüzurunda, izin verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bəzi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” – deyə cavab verərlər.


  24. (Ya Peyğəmbər! Müşriklərə) de: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” (Əgər onlar sənə: “Bilmirik”,- deyə cavab versələr) de: “Allahdır! Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?”


  25. De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!


  26. De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!”


  27. De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!”


  28. (Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!


  29. Onlar (Məkkə müşrikləri): “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu vəd (əzab vədəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar.


  30. (Onlara) belə de: “Sizə vəd olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!”


  31. (Kitab əhlinin möminləri məkkəlilərə: “Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük”, - söylədikləri zaman) kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!” (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” – dedikləri zaman görəydin.


  32. (Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: “Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)”


  33. Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.


  34. Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!” – dedilər.


  35. Onlar: “Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olmasaydı, bol ruzi verməzdi)” – dedilər.


  36. (Ya Peyğəmbər!) De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!”


  37. Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar.


  38. (Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.


  39. (Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”


  40. O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?”


  41. (Mələklər: ) “Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi”, - deyə cavab verəcəklər.


  42. Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: “Dadın (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyəcəyik.


  43. Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!” deyər, (Quran haqında isə:) “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq (Quran) gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər.


  44. Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.


  45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan nemətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)


  46. (Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”


  47. De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”


  48. De: “Rəbbim haqqı (vəhyi və risaləti Öz peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!”


  49. De: “Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puçdur!)


  50. De: “Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır.


  51. (Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.


  52. Onlar: “Ona (Qurana və ya Muhəmməd əleyhissəlama) inandıq!” – deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)


  53. Halbuki onlar bundan əvvəl onu (Allah kəlamını, yaxud Peyğəmbəri) inkar etmişdilər və uzaq bir yerdən qeybə (qaranlığa daş) atırdılar (qeybə dair bilmədikləri şeylər barəsində danışırdılar).


  54. Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Çünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər.
QURAN
www.azerisayt.narod.ru