.23.
əl-Muminun (Möminlər ) surəsi (Məkkədə nazil olmuşdur, 118 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
O kəslər ki, zəkat verərlər;
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
Onlardır (bilin) varis olanlar –
Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).
Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!
(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!
And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).
Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
Sonra sizin üçün onunla (o su ilə) xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.
(Sizin üçün həmçinin mənşə etibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər.
Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!
Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə) daşınırsınız.
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik.
Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət gözləyin!” (Ya sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb gedər, canımız qurtarar).
(Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən məyus olub) belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”
Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar.
Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de.
Həmçinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”
Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik!
Onlardan sonra başqa bir nəsil (Ad tayfasını) yaratdıq.
Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)
Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz).
O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı vəd edir?
Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! (Bu, qeyri-mümkündür!)
Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!
Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”
(O peyğəmbər) belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”
(Allah) buyurdu: “Bir azdan peşman olacaqlar!”
(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq.
Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər!
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik,
Fironun və onun əyan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər).
(Firon və əyan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”
Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular.
Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər!
Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”
Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur).
(Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax!
Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla
Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər!)
Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
Lakin (kafirlərin) qəlbləri bundan (Qurandan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar).
Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər.
(Onlara belə deyirlər: ) “Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!”
Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız).
(Kəbə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Quran və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz).
Məgər (müşriklər) kəlam (Allah kəlamı - Quran) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Quranın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
Yaxud: “Onda divanəlik var?” – dedilər. Xeyr, Peyğəmbər onlara haqla (Quranla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.
Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Quranı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
Əslində sən onları doğru yola (islam dininə) dəvət edirsən!
Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!
Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər).
Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).
Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar).
Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın nemətlərinə) çox az şükür edirsiniz.
Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz.
Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz?
Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər.
(Keçmiş ümmətlər) belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”
Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) vəd olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir.
(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?”
Onlar mütləq: “Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”
De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?”
(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?”
De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?
Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!
Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!
(Ya Rəsulum!) De: “Ey Rəbbim! Əgər (müşriklərə) vəd etdiyin əzabı mənə göstərəcəksənsə,
Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!” (“Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!”)
(Ya Rəsulum!) Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!
Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik!
Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!”
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.
Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.
Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.
(Onlara deyilər: ) “Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”
Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq!
Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”.
(Allah) buyurar: “Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)”
Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər.
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.
Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!”
(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”
Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər.
Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).
Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).
Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!
(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!