.14.
İbrahim surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
  1. Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.


  2. Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!


  3. O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.


  4. Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!


  5. Biz Musaya: “Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (deyib) onu möcüzələrimizlə (peyğəmbər) göndərdik.


  6. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!


  7. (Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”


  8. Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tərifə (şükrə) layiqdir!”


  9. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.


  10. Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”


  11. Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət (peyğəmbərlik) bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (möcüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz). Möminlər yalnız Allaha təvəkkül etsinlər!


  12. Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna dəvət etdiyimizə görə) bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər!


  13. Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!


  14. Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!”


  15. (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.


  16. Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir!


  17. O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!


  18. Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir. Bir də haqq yola qayıtmaq çətindir!)


  19. (Ya Rəsulum və ya ey mömin insan!) Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər (Allah) istəsə, sizi yox edib yerinizə başqa bir məxluq (insan tayfası) gətirər.


  20. Bu Allah üçün heç də çətin deyildir!


  21. (Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!


  22. İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!


  23. İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!


  24. Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.


  25. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır).


  26. Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.


  27. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!


  28. (Ya Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?


  29. Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!


  30. Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: “Hələ ki, (dünyada bir qədər) əylənib keg çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm) olacaqdır!”


  31. İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.


  32. Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!


  33. (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.


  34. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar).


  35. (Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!


  36. Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!


  37. Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!


  38. Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!


  39. İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!


  40. Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!


  41. Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”


  42. (Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;


  43. Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur).


  44. İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!


  45. Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik.


  46. (Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)


  47. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!


  48. (Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar!


  49. O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən!


  50. Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!


  51. Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!


  52. Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!
QURAN
www.azerisayt.narod.ru