www.azerisayt.narod.ru
   [  www.antimonopoly.az  ]    

Sığorta haqqında
Azərbaycan Respublikasının Qanunu

I Bölmə. Ümumi müddəalar
Maddə 1. Sığorta qanunvericiliyi
1. Sığorta bu Qanuna, Azərbaycan Respublikasının bu Qanununun əsasında qəbul edilən digər qanunvericilik aktlarına, habelə Dövlət Sığorta Nəzarətinin normativ aktlarına uyğun olaraq həyata keçirilir.
2. Bu Qanun sığortanın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyənləşdirir və sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir.
Bu Qanun dövlət sosial sığortasına şamil edilmir.
Maddə 2. Sığorta
Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
Zərər Qanunda və ya sığorta müqaviləsində göstərilmiş hadisələr baş verdikdə sığorta haqqı hesabına yaradılan pul vəsaiti fondlarından ödənilir.
Sığortaya həmçinin təkrar və şərikli sığorta aiddir.
Maddə 3. Sığortanın obyektləri və formaları
1. Sığorta obyektləri - fiziki və hüquqi şəxslərin əmlakı və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir.
Bu obyektlərə uyğun olaraq sığorta şəxsi sığorta, əmlak sığortası və mülki məs`uliyyət sığortası şəklində aparıla bilər.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi qaydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir.
Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir.
4. İcbari sığortanın növləri, şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
Maddə 4. Sığorta olunanlar
1. Sığorta olunanlar - sığortaçı ilə müqavilə bağlayan və ya qanuna görə sığortalanan fiziki şəxslər (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərdən başqa) və hüquqi şəxslərdir.
2. Sığorta olunanlar üçüncü şəxslərin xeyrinə sığorta müqaviləsi bağlamaq hüququna malikdirlər.
3. Sığorta olunanlar sığorta müqaviləsi bağlayarkən sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxsi tə`yin etmək, habelə sığorta hadisəsi baş verənədək onları dəyişdirmək hüququna malikdirlər.
Maddə 5. Sığortaçılar
Sığortaçılar - yalnız sığorta fəaliyyəti aparmaq məqsədilə yaradılan və Azərbaycan Respublikasının ərazisində sığorta əməliyyatlarını yerinə yetirmək üçün Qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra lisenziya alan hüquqi şəxslərdir.
Sığortaçılar dövlət qeydiyyatına alınır və öz əsasnamələrinə və ya nizamnamələrinə uyğun fəaliyyət göstərirlər.
Onlar istehsalat, ticarət-vasitəçilik və bank fəaliyyəti ilə bilavasitə məşğul ola bilməzlər.
Maddə 6. Sığortaçıların birlikləri
Sığortaçılar öz fəaliyyətini əlaqələndirmək, üzvlərinin mənafelərini qorumaq və birgə proqramlarını həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ittifaqlar, assosiasiyalar və digər birliklər yarada bilərlər. Bu birliklər sığorta fəaliyyəti ilə bilavasitə məşğul olmaq hüququna malik deyildirlər.
Sığorta birlikləri hüquqi şəxs kimi dövlət qeydiyyatından keçdikdən sonra öz nizamnamələri əsasında fəaliyyət göstərirlər.
Maddə 7. Sığorta vasitəçiləri
1. Sığorta vasitəçiləri (agentlər və brokerlər) - sığorta müqaviləsinin bağlanmasını tə`min edən hüquqi və ya fiziki şəxslərdir.
2. Sığorta agenti sığortaçının nümayəndəsidir. o, haqq almaqla, sığortaçının ona verdiyi səlahiyyət daxilində fəaliyyət göstərir.
3. Sığorta brokeri hüquqi şəxs, yaxud sahibkar kimi dövlət qeydiyyatından keçən müstəqil vasitəçidir. O, sığortaçının və ya sığorta olunanın tapşırığı ilə öz adından fəaliyyət göstərir.
Maddə 8. Şərikli sığorta
Sığorta obyekti bir müqavilə əsasında bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Hər bir sığortaçının hüquq və vəzifələrini müəyyən edən şərtlər həmin müqavilədə göstərilir.
Maddə 9. Təkrar sığorta
1. Bir sığortaçının sığorta olunan qarşısında öz öhdəliklərinin yerinə yetirilməsi risqinin bir hissəsini başqa sığortaçıda (təkrar sığortaçıda) sığorta etdirməsi təkrar sığorta deməkdir.
Təkrar sığortaçı ilə müqavilə bağlamış sığortaçı sığorta olunan qarşısında öz öhdəlikləri üzrə tam məs`uliyyət daşıyır.
Təkrar sığortaçı sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə məs`uliyyət daşıyır.
Maddə 10. Sığorta müqaviləsi
Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər; müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş həqiqi əqd şərtlərinə uyğun gəlməlidir.
Maddə 11. Sığorta risqi və sığorta hadisəsi
1. Sığorta risqi ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta risqi sayılan hadisənin ehtimal və təsadüf əlamətləri olmalıdır.
2. Qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir.
Maddə 12. Sığorta məbləği və sığorta ödənişi
1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır.
2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir.
Maddə 13. Şəxsi sığorta, əmlak sığortası və mülki məs`uliyyət sığortası
1. Şəxsi sığorta fiziki şəxslərin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya tə`minatı ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır. Sığorta məbləğini sığorta olunan şəxsi sığorta müqaviləsində sığortaçı ilə razılaşmaya əsasən müəyyən edir.
Sığorta olunana və ya üçüncü şəxsə sığorta ödənişləri başqa sığorta müqavilələri üzrə, habelə sosial sığorta, sosial tə`minat üzrə və zərərin yerinin doldurulmasına görə onlara düşən məbləğlərdən asılı olmayaraq verilir. Həm də sığorta olunanların tə`yin etdikləri şəxslərin aldıqları ödənişlər sığorta olunan vəfat etdikdə miras əmlakın tərkibinə daxil olmur.
2. Əmlak sığortası fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak mənafelərinin sığortasıdır.
Sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə e`tiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə e`tibarsız sayılır.
Sığorta ödənişləri sığorta hadisəsi zamanı dəymiş birbaşa zərərin məbləğindən çox ola bilməz, bu şərtlə ki, sığorta müqaviləsində müəyyən məbləğdə sığorta ödənişi nəzərdə tutulmuş olmasın.
Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduğu halda, müqavilə şərtlərində başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişlərinin məbləği sığorta məbləğinin əmlakın sığorta dəyərinə nisbətinə mütənasib surətdə azaldılır.
3. Mülki məs`uliyyət sığortası fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, həmçinin hüquqi şəxsə sığorta olunanın vurduğu zərərin ödənilməsi ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır. Mülki məs`uliyyət sığortasının şərtləri və qaydası qanunla və ya sığorta müqaviləsi ilə müəyyən edilir.
Maddə 14. Sığorta haqqı, sığorta tarifi
1. Sığorta haqqı sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta olunanın sığortaçıya verməli olduğu pul məbləğidir.
2. Sığorta tarifi sığorta haqqının sığorta məbləği vahidindən götürülmüş dərəcəsidir.
Könüllü sığorta zamanı sığorta tarifləri sığortaçı tərəfindən müstəqil hesablanır və sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən müəyyənləşdirilir.
İcbari sığorta zamanı sığorta tarifləri icbari sığorta haqqında qanunlarda müəyyən edilir.
II Bölmə. Sığorta fəaliyyətinin əsasları
Maddə 15. Sığorta müqaviləsinin bağlanması
1. Sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətini şifahi bildirir.
2. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın.
Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığorta olunana müəyyənləşdirilmiş formada verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
3. Sığorta şəhadətnaməsində sazişin tərəfləri barəsində ümumi mə`lumat verilməklə yanaşı sığortanın obyekti, sığorta risqi, sığorta məbləğinin və sığorta haqqının miqdarı, sığorta ödənişlərinin və sığorta haqlarının verilməsi qaydası, müqavilənin qüvvədə olduğu müddət, müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası göstərilməli, tərəflərin imzaları olmalıdır.
Sığorta şəhadətnaməsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr, yaxud bu qaydalardan istisnalar da göstərilə bilər.
Maddə 16. Sığorta ödənişinin verilməsi qaydası və şərtləri
1. Sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir.
Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq ixtiyarına malikdir.
2. Müəssisələr, idarələr və təşkilatlar, o cümlədən banklar və hüquq mühafizə orqanları sığorta hadisəsi ilə bağlı mə`lumatı sığortaçıların sorğularına əsasən onlara bildirməyə borcludurlar.
Maddə 17. Sığorta ödənişi verilməsindən imtina
1. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır:
Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;
Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış mə`lumat verməsi;
Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsiri olan şəxsdən alması.
2. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişi verilməsindən imtina üçün başqa əsaslar da göstərilə bilər, amma bu, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
3. Sığorta ödənişi verilməsindən imtina barəsində qərar sığorta olunana yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır.
4. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi barədə sığorta olunan məhkəməyə, arbitraj və ya münsiflər məhkəməsinə şikayət edə bilər.
Maddə 18. Sığorta müqaviləsinin xitamı
1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
müqavilənin qüvvədə olduğu müddət qurtardıqda;
sığortaçı sığorta olunan qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
sığorta olunan sığorta haqqını müqavilədə müəyyən edilən müddətdə ödəmədikdə;
bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;
Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyənləşdirilmiş qaydada sığortaçı ləğv edildikdə;
məhkəmə sığorta müqaviləsinin e`tibarsız olduğu barədə qərar qəbul etdikdə;
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda.
2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığorta olunanın və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini azı 30 gün əvvəl xəbərdar etməlidirlər.
3. Sığorta müqaviləsinə sığorta olunanın tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığorta olunana bütünlüklə qaytarır.
Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta olunanın sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığorta olunanın sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa o, çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
Maddə 19. Sığorta müqaviləsinin e`tibarsız sayılması
1. Aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan e`tibarsız sayılır:
fəaliyyət qabiliyyətinə malik olmayan və fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslərlə bağlandıqda;
sığorta obyekti məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilməli əmlak olduqda;
sığorta hadisəsindən sonra bağlandıqda;
sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda.
2. Sığorta müqaviləsi məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən e`tibarsız sayılır.
Maddə 20. Sığorta olunanın vəzifələri
Sığorta olunan:
sığorta haqqını vaxtında ödəməli;
sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya mə`lumat verməli;
sığorta hadisəsi baş verdikdə bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görməli;
sığorta müqaviləsi bağlanarkən risqin qiymətləndirilməsi üçün ciddi əhəmiyyəti olan hallar və risqin sonradan ciddi surətdə dəyişilməsi barədə sığortaçıya mə`lumat verməlidir.
2. Sığorta müqaviləsində sığorta olunanın başqa vəzifələri də nəzərdə tutula bilər.
Maddə 21. Sığortaçının vəzifələri
1. Sığortaçı:
sığorta olunanı sığorta qaydaları ilə tanış etməlidir;
sığorta olunan sığorta hadisəsinin baş verməsi risqini və sığortalanmış əmlaka dəyə biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığorta olunanın ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalıdır;
sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə verməlidir. Əks halda sığortaçı sığorta olunana ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə ödəyir;
sığorta hadisəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığorta olunanın xərclərini ödəməlidir, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilmir;
sığorta olunan və onun əmlak vəziyyəti barədə mə`lumatı, o cümlədən kommersiya sirri olan mə`lumatı yaymamalıdır. Bu mə`lumatı yaymağa görə sığortaçılar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məs`uliyyət daşıyırlar.
2. Sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər.
Maddə 22. Sığorta müqaviləsində sığorta olunanın əvəz edilməsi
1. Əmlak sığortası müqaviləsini bağlamış sığorta olunan vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir.
Sığortalanmış əmlak satıldıqda, dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə sığorta olunanın hüquq və vəzifələri sığortaçının razılığı ilə müqavilədə və ya qanunda başqa şərtlər müəyyən edilməmişsə həmin əmlakı qəbul edən şəxsə keçir.
2. Üçüncü şəxsin xeyrinə şəxsi sığorta müqaviləsi bağlamış sığorta olunan vəfat etdikdə onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir. Bu şəxs sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirə bilmədikdə onun hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sığorta olunmuş şəxsin hüquqlarının və qanuni mənafelərinin mühafizəsi vəzifələrini yerinə yetirən şəxslərə keçə bilər.
3. Əgər müqavilənin qüvvədə olduğu dövrdə sığorta olunan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmışdırsa, yaxud onun fəaliyyət qabiliyyəti məhdudlaşmışdırsa, belə sığorta olunanın hüquq və vəzifələrini onun qəyyumu və ya hamisi həyata keçirir. Bu zaman mülki məs`uliyyət sığortası sığorta olunanın fəaliyyət qabiliyyətinin qurtardığı və ya məhdudlaşdığı andan bitir.
4. Sığorta olunan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun bu müqavilə üzrə hüquq və vəzifələri sığortaçının razılığı ilə Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilmiş qaydada müvafiq hüquq varisinə keçir.
Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məs`ul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi
Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məs`ul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
Maddə 24. Sığortaçının ləğv edilməsi
Sığortaçılar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilir.
Sığortaçını ləğv etmək qərarı barədə Dövlət Sığorta Nəzarətinə dərhal mə`lumat verilməlidir.
Ləğvetmə komissiyasını sığortaçının tə`sisçisinin razılığı ilə Dövlət Sığorta Nəzarəti yaradır.
III Bölmə. Sığortaçıların maliyyə sabitliyinin tə`min edilməsi
Maddə 25. Maliyyə sabitliyinin əsası
Sığortaçının maliyyə sabitliyinin əsasını onun ödənilmiş nizamnamə kapitalı, sığorta ehtiyatları və fondları və təkrar sığorta sistemi təşkil edir.
Nizamnamə kapitalının minimum məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 26. Sığorta ehtiyatları və fondları
1. Sığortaçılar qəbul etdikləri sığorta öhdəlikləri üzrə gözlənilən sığorta ödənişlərini tə`min etmək üçün sığorta haqlarının hesabına Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilmiş qaydada sığorta ehtiyatları yaradırlar.
Eynilə bu qaydada sığortaçılar ola biləcək sığorta hadisəsinin qarşısını almaq məqsədilə tədbirlərin, habelə sığorta hadisəsi baş verdikdə zərərin qarşısının alınmasına və azaldılmasına yönəldilən lazımi xərclərin maliyyələşdirilməsi üçün ehtiyatlar yarada bilərlər.
2. Sığortaçılar vergiləri ödədikdən sonra qalan gəlir hesabına öz fəaliyyətini tə`min etmək üçün əlavə fondlar yarada bilərlər.
3. Sığorta ehtiyatlarının və fondlarının vəsaiti tutulub büdcələrə keçirilə bilməz.
4. Sığortaçılar sığorta ehtiyatlarını və digər vəsaitini investisiyaya yönəltmək, yaxud başqa şəkildə yerləşdirmək hüququna malikdirlər.
5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə müvafiq surətdə sığortaçılardan vergi tutulur.
Maddə 27. Sığortaçıların ödəniş qabiliyyətinin tə`minatı
1. Sığortaçılar öz ödəniş qabiliyyətini tə`min etmək üçün təkrar sığortaya verdikləri məbləğlər çıxılmaqla, aktivlərin məbləği ilə sığorta öhdəliklərinin məbləği arasında normativ nisbətləri gözləməlidirlər. Bu nisbətlərin hesablanması üsulunu və göstərilən məbləğlərin normativ miqdarını Dövlət Sığorta Nəzarəti müəyyən edir.
2. Sığortaçının öz vəsaiti və ehtiyatları hesabına öhdəliklərini yerinə yetirmək imkanı olmadıqda o, bu öhdəliklərin müvafiq hissəsinin təkrar sığorta yolu ilə yerinə yetirilməsini tə`min etməyə borcludur. Əks təqdirdə sığortaçı göstərilən normativ nisbətləri gözləmək üçün ya nizamnamə kapitalını və ehtiyat fondunu tamamlamalı, ya da sığorta əməliyyatlarını müvafiq surətdə azaltmalıdır.
Maddə 28. Uçot və hesabat
1. Sığortaçının mühasibat uçotunun qaydalarını, onların hesabatının və sığorta əməliyyatları uçotunun göstəricilərini və formalarını Dövlət Sığorta Nəzarəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Dövlət Statistika Komitəsinin razılığı ilə müəyyən edir.
2. Sığortaçılar illik balanslarda, gəlir və xərc hesablarında olan mə`lumatların düzgünlüyünü auditora təsdiq etdirdikdən sonra bunları mətbuatda dərc edirlər.
VI Bölmə. Sığorta fəaliyyətinə dövlət nəzarəti
Maddə 29. Dövlət sığorta nəzarətinin vəzifələri
1. Azərbaycan Respublikasında sığorta olunanların, sığortaçıların, digər əlaqədar şəxslərin, habelə dövlətin hüquq və mənafelərinin qorunması, sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta fəaliyyətinə nəzarət Dövlət Sığorta Nəzarəti tərəfindən həyata keçirilir.
Dövlət Sığorta Nəzarəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
2. Dövlət Sığorta Nəzarətinin əsas vəzifələri aşağıdakılardır:
sığortaçılar sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya vermək;
sığortaçıların sığorta birliklərinin və sığorta brokerlərinin vahid dövlət reyestrini aparmaq;
sığortaçıların sığorta tariflərinin əsaslandırılmasına və ödəniş qabiliyyətinin tə`min olunmasına nəzarət etmək;
sığortaçıların sığorta ehtiyatlarının yaradılması və yerləşdirilməsi qaydalarını müəyyən etmək;
sığorta fəaliyyəti ilə əlaqədar bu Qanunla müəyyən edilmiş səlahiyyət dairəsində normativ və metodik sənədləri hazırlamaq;
sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.
Maddə 30. Dövlət Sığorta Nəzarətinin hüquqları
Dövlət Sığorta Nəzarətinin hüquqları aşağıdakılardır:
sığortaçılardan onların fəaliyyəti haqqında mə`lumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq, bu mə`lumatın və hesabatların düzgünlüyünü, sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaq, onların fəaliyyəti və pul əməliyyatları barədə banklara və digər kredit idarələrinə və müəssisələrinə müraciət etmək;
sığortaçının fəaliyyətində bu Qanunun tələblərinin pozulması aşkar edildikdə bu pozuntunun aradan qaldırılması üçün göstərişlər vermək, bu göstərişlər yerinə yetirilmədikdə sığortaçıların lisenziyasının qüvvəsini məhdudlaşdırmaq, yaxud dayandırmaq;
Azərbaycan Respublikasının sığorta qanunvericiliyi sığortaçı tərəfindən dəfələrlə pozulduqda onun ləğv edilməsi barədə arbitraj məhkəməsində iddia qaldırmaq.
Maddə 31. Sığortaçıların, onların birliklərinin və sığorta brokerlərinin dövlət qeydiyyatına alınması
Sığortaçılar, onların birlikləri və sığorta brokerləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Brokerlər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Maddə 32. Sığortaçılara lisenziya verilməsi
1. Sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyanı Dövlət Sığorta Nəzarəti sığortaçının aşağıdakı sənədlər əlavə edilmiş ərizəsi əsasında verir:
tə`sis sənədləri;
dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya şəhadətnamənin surəti;
ödənilmiş nizamnamə kapitalının məbləği haqqında arayış;
iqtisadi fəaliyyətin göstəriciləri;
sığorta növləri üzrə sığorta qaydaları;
sığorta tariflərinin hesablanması.
2. Dövlət Sığorta Nəzarəti göstərilən sənədlərin təqdim edildiyi gündən 30 gün keçənədək lisenziyanı verməli, yaxud səbəbləri yazılı şəkildə göstərməklə onu verməkdən imtina etməlidir.
3. Sığortaçının ərizəsinə əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun gəlməməsi sığorta fəaliyyəti üçün lisenziya verməkdən imtina edilməsinə əsas ola bilər.
4. Sığortaçı lisenziya verməkdən imtina edilməsi barədə məhkəməyə şikayət edə bilər.
5. Sığortaçı tə`sis sənədlərində edilmiş hər hansı dəyişiklik və əlavə barəsində bunların müəyyən edilmiş qaydada qeydiyyatdan keçməsi anından 30 gün keçənədək Dövlət Sığorta Nəzarətinə mə`lumat verməlidir.
Maddə 33. İnhisar fəaliyyətinə və haqsız rəqabətə qarşı tədbirlər
Azərbaycan Respublikasının Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi Dövlət Sığorta Nəzarəti ilə birlikdə sığorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını tə`min edir.
V Bölmə. Yekun müddəaları
Maddə 34. Sığorta fəaliyyətində xarici hüquqi şəxslərin iştirakı
1. Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli hüquqi şəxslərlə birlikdə ancaq birgə sığorta şirkətləri və ya səhmdar cəmiyyətləri formasında sığorta təşkilatları yaratmaq hüququna malikdirlər.
Bu təşkilatların nizamnamə kapitalında xarici investorların iştirak payı 49 faizdən çox olmamalıdır.
2. Birgə sığorta təşkilatları bu Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə qeydiyyatdan keçir, lisenziya alır və fəaliyyət göstərirlər.
Maddə 35. Azərbaycan Respublikasında xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin sığortalanması
Azərbaycan Respublikasının ərazisində xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri ilə bərabər səviyyədə sığorta müdafiəsi hüququna malikdirlər.
Maddə 36. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilən qaydalar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqlənirsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Maddə 37. Mübahisələrə baxılması
Sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər.
Azərbaycan Respublikasının Prezidenti
Ə. ELÇİBƏY.
Bakı şəhəri, 5 yanvar 1993-cü il..
¹ 436.
5 noyabr 1996-cı il tarixli 188-IQD saylı, 11 dekabr 1998-ci il tarixli 588-IQD nömrəli qanuna əsasən dəyişikliklər və əlavələrlə.
25 iyun 1999-cu il tarixli 696-IQ nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq qüvvəsini itirmişdir.
"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
qanunvericiliyi "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq barədə təkliflərini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin;
öz qərar və sərəncamlarını bu Qanuna uyğunlaşdırsın;
nazirliklərin, dövlət komitələrinin və baş idarələrin göstərilən Qanuna zidd olan normativ aktlarına, o cümlədən tə`limatlarına yenidən baxmasını və bunları ləğv etməsini tə`min etsin;
Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarətinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əsasnamələrini təsdiq etsin;
sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydə alınması qaydasını və bunları qeydə almaq üçün zəruri olan tə`sis sənədlərinə, digər sənədlərə verilən tələbləri təsdiq etsin.
3. Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilsin ki, öz fərmanlarını "Sığorta haqqında" Qanuna uyğunlaşdırsın.
4. Sığorta fəaliyyətinə lisenziya almaq üçün ödənilmiş nizamnamə kapitalının minimum məbləği sığortaçılar üçün 5 milyon rubl, təkrar sığortaçılar üçün isə 35 milyon rubl müəyyən edilsin.
5. Müəyyən edilsin ki, Dövlət Sığorta Nəzarəti sığortaçılardan və təkrar sığortaçılardan ilk lisenziya üçün 100 min rubl, sonradan verilən hər bir lisenziya üçün 50 min rubl məbləğində haqq alıb respublika büdcəsinə köçürülür.
6. Müəyyən edilsin ki, bu Qanun qüvvəyə minənədək aktivlərin məbləği ilə qəbul etdikləri öhdəliklər arasında normativ nisbətlərə əməl etməmiş sığortaçılar Dövlət Sığorta Nəzarəti ilə razılaşdırılmış müddətdə ya nizamnamə kapitalını artırmalı, ya öz öhdəliklərinin yerinə yetirilməsi risqlərinin bir hissəsini təkrar sığorta etdirməli, ya da Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, öz ödəniş qabiliyyətini tə`min edən başqa üsulları tətbiq etməlidirlər.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
Bakı şəhəri, 5 yanvar 1993-cü il.
¹ 437.
Hosted by uCoz